FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


BİOLOJİ SİSTEMLƏR FİZİKASI

«Bioloji sistemlər fizikası» şöbəsi fizika fakültəsində fəaliyyət göstərən üç ETL-nın – «Makromolekul məhlullarının fiziki-kimyası», «Maye kristallar» və «Ozon generatorları» ETL-larının əsasında yaradılmışdır və «Makromolekul məhlullarının fiziki-kimyası» ETL-nin elmi rəhbəri, prof. E.Ə.Məsimov şöbə müdiri təyin edilmişdir. Hal-hazırda şöbədə 25 nəfər əməkdaş çalışır. Onlardan 2-si elmlər doktoru və 11-i isəə elmlər namizədidir.

Bakı Dövlət Universiteti fizika fakültəsinin «Makromolekul məhlullarının fiziki kimyası» - Elmi Tədqiqat Laboratoriyası müəllimlərin müasir elmi-tədqiqat işlərində daha yaxından iştirakını təmin edilməsi, univesitetin və Respublikanın digər ali məktəblərinin gələcək elmi-pedaqoji kadr hazırlığını həyata keçirşlməsi və universitetin istedadlı tələbələrinin elmi işə cəlb edilməsi məqsədi ilə 1989-cu ildə Azərbayçan Respublikası Təhsil Nazirliyinin əmri ilə yaradılmış və fizika-riyaziyyat elmləri doktoru, professor E.Ə.Məsimov ETL-in elmi rəhbəri təyin edilmişdir.

ETL makromolekul məhlullarında və bioloji sistemlərdə qarşılıqlı təёsirlərin öyrənilməsi və ondan irəli gələn struktur dəyişiklikləri və faza keçidlərinin tədqiqi problemi ilə məşğul olmuşdur. Belə bir problemin həlli üçün üç istiqamətdə elmi-tədqiqat işləri aparılmışdır:
- polimer-su sistemlərinin sistematik tədqiqi ilə polimerlər fizikasının aktual problemlərindən olan bir həlledicidə iki polimerin uyuşmazlığı məsələsinin təhlili və həmin sistemlərdə fazaəmələgəlmə mexanizminin izahı;
- farmakologiya, təbabət və mikrobiologiyada preparativ məqsədlərlə (bioloji hissəciklərin ayrılması və təmizlənməsi, polimerlərin fraksiyalara ayrılması, bəzi xəstəliklərin ilkin diaqnozunun verilməsi və s.) istifadə olunan və bəzi parametrlərinə görə mövcud ikifazalı sistemlərdən üstün olan yeni polimer-su ikifazalı sistemlərinin tapılması və onların tətbiqinin elmi və iqtisadi effektivliyinin artırılması;
- müxtəlif fiziki və fiziki-kimyəvi metodlarla su-polimer, su-kiçikmolekullu birləşmələr və ümumiyyətlə, su mühitində strukturlaşmanın (gellərin, müxtəlif molekulüstlü hissəciklərin, fazaların əmələ gəlməsi və s.) tədqiqi.
E.Ə.Məsimov rəhbərliyi ilə ilk dəfə yüksək molekullu birləşmələrin sulu məhlullarının nisbi hidrofobluqlarının kəmiyyətcə təyin olunması metodu işlənib hazırlanmışdır. Bu metod maddələrin su-üzvi birləşmə, su-polimer ikifazalı sistemlərində tarazlıq paylanmasına əsaslanmışdır. Bu metodun köməyi ilə qanda və ümumiyyətcə orqanizmdə adi klinik metodlarla təyin edilə bilməyən patologiyaların müəyyən edilməsi imkanı aşkar edilmişdir. Daha sonra şüa xəstəliyi və orqanizmdə şiş əmələ gəlmə proseslərində diaqnostik imkanlar müəyyən edilmişdir. Həmin sistemlərin praktiki tətbiq imkanlarını genişləndirmək məqsədi ilə ETL –da yeni ikifazalı sistemlərin axtarılıb tapılması istiqamətində tədqiqat işləri aparılmış, polimer-polimer-su ikifazalı sistemlərinə nisbətən ucuzbaşa gələn, böyük ayırma qabiliyyətinə malik olan polimer – qeyri-üzvi elektrolit ikifazalı sistemlərinin fiziki-kimyəvi xassələri tətqiq olunmuşdur. Bu sistemlərin tətbiqi haqqında ixtira patentləşdirilib.
100-dən çox polimer sistemlərini tədqiq etməklə maddələrin nisbi hidrofobluqları ilə onların suyun termodinamik halını dəyişdirmə qabiliyyətləri (dərəcələri) arasında biologiyada və təbabətdə çox vacib olan funksional əlaqə tapılmışdır. Verilmiş metodun vacibliyini aydın görmək üçün qeyd etmək lazımdır ki, iki fazalı sistemlər yüksək dəqiqliklə canlı orqanizmlərdə mövcud olan real şəraiti modelləşdirirlər və təyin olunan nisbi hidrofobluq dərman maddələrinin canlı orqanizmlərdə istiqamətlənmiş hərəkətini təyin edən əsas parametrlərdən biridir.
ETL-in əməkdaşları tərəfindən qanəvəzedicilərin dezintoksikasiya mexaniz-minin onların fizioloji məhlullarının hidrofobluqları ilə sıx əlaqədar olduğu aşkar edilmiş, izah olunmuş və polisaxaridlərin tipik nümayəndəsi olan aqaroza əsasında yeni qanəvəzedici təklif olunmuşdur. Bu qanəvəzedici Səhiyyə Nazirliyinin Hematologiya İnstitutunda müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.
Gel əmələ gəlmə proseslərinin mexanizminin və kinetikasının aydınlaşdırılması istiqamətində geniş tətqiqat işləri aparılmışdır. Aparılmış elmi-tədqiqat işlərinin nəticələri əvvəlcədən verilmiş xassələrə malik olan gellərin alınmasına imkan vermişdir.
Görülən işlərlə ETL-də su mühitinin strukturlaşma dərəcəsini kəmiyyətcə xarakterizə edən «struktur temperaturu» anlayışına, «hidrofob effekt», «hidrofob qarşılıqlı təsir», «hidrofobluq», «nisbi hidrofobluq» və s. anlayışlara yeni məna verilmiş və bu işlər həmin anlayışların düzgün başa düşülməsində əhəmiyyətli rol oynamışdır.
ETL-da 2 elmlər doktoru,5 elmlər namizədi çalışmışdır.
ETL-in məşğul olduğu mövzu üzrə 1 doktorluq və 13 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Magistratura pilləsində "Bioloji sistemlər fizikası" ixtisası üzrə təhsil alan magistrantlar və uyğun ixtisaslar üzrə elmi-tədqiqatlar aparan aspirant və dissertantlar ETL-nın bazasında dissertasiya işləri yerinə yetirmişlər. ETL-sı elm və təhsilin inteqrasiyasını həyata keçirmək məqsədi ilə fakültənin ixtisasca yaxın kafedraları ilə sıx əməkdaşlıq etmiş, professor-müəllim heyətindən birneçə nəfəri əvəzçiliklə işə cəlb etmişdir. ETL-da 15 maqistr dissertasiya işi yerinə yetirmiş, tələbələr diplom işləri işləmişlər.
Fəaliyyət göstərdiyi müddətdə laboratoriyanın əməkdaşları bir çox Beynəlxalq (Çexiya, Fransa, Türkiyə, Rusiya, Gürcüstan, İran və s.) və Respuplika konfranslarında iştirak və çıxışlar etmişlər. 5 monoqrafiya və dərslik, xaricdə 70 və Respublika jurnallarında 180-dan artıq elmi məqalələr çap olunmuşdur. Bir ixtira şəhadətnaməsi alınmışdır.
1999-2001-ci illərdə ETL-in elmi rəhbəri prof. E.Ə.Məsimov Avropanın Tempus-Tasis proqramı üzrə Hollandiyanın Van Hall və Almaniyanın Vilhelmshaven Texniki Universitetləri ilə birlikdə hazırlanmış və qəbul edilmiş ekoloji layihənin həmmüəllifi və Azərbaycan üzrə koordinatoru olmuşdur.
Bakı Dövlət Universitetinin rektorunun 12 noyabr 1979-cü il tarixli 1/329 saylı əmri ilə yüksək ixtisaslı kadrların hazırlanmasını yaxşı­laşdırmaq və tələbələrin elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi məqsədilə BDU-da Tələbə Elmi Tədqiqat və Konstruktor Bürosu (elmi rəhbər f.r.e.d. Əliyev C.F.) yaradılmışdır 1993-cü ildə TETKB-nin bazası əsasında «Maye Kristallar» ETL-i (elmi rəhbər f.r.e.n. Abbasov H.F.) təşkil edilmişdir. Laboratoriyada 1 doktorluq, 8 namizədlik dissertasiyası müdafiə edilmişdir.
ETL-in elmi istiqaməti "Maye kristalların fiziki-kimyəvi xassələrinin tədqiqi" olmuşdur.
Maye kristallar fizikasının elmin nisbətən cavan sahəsi olmasına baxmayaraq bu sahədə əldə olunan nailiyyətlər onların optoelektronikada, displey texnikasında sürətli tətbiqinə səbəb olmuşdur. İnformasiyanın işlənməsi, əks olunması və çevrilməsi sahəsində bu materialların geniş tətbiqi maye kristalların hərtərəfli öyrənilməsinin zəruri və aktual edir. Laboratoriyada nematik, xolesterik və smektik maye kristalların istilik, dielektrik, optik və elektrooptik xassələri eksperimental tədqiq olunmuş, maye kristalların elektrooptik xassələri riyazi modelləşdirilmiş, maye kristall-yaımkeçirici kontaktının elektrofiziki xassələri öyrənilmişdir.
İndiyə qədər laboratoriyanın əməkdaşları Beynəlxalq və Respublika konfranslarında 100-dən çox tezislə çıxış etmiş, xarici və respublika elmi jurnllarında 300-ə qədər elmi məqalələr dərc etdirmiş, 10 müəlliflik şəhadətnaməsi almışlar. Laboratoriyada 20-yə yaxın təsərrüfat hesablı müqavilələr (Sankt-Peterburq Dövlət Optika İnstitutu, Saratov «Volqa» Elmi Tədqiqat İnstitutu, Moskva Üzvi Boyaq İnstitutu və s.) üzrə elmi tədqiqat işləri yerinə yetirilmişdir. Bu işlərə BDU-nun fizika, kimya və tətbiqi riyaziyyat fakültələrinin yüzlərlə yuxarı kurs tələbələri cəlb olunmuşlar.
Bakı Dövlət Universitetinin fizika fakültəsinin «Ozon generatorları» Elmi Tədqiqat Laboratoriyası Fiziki elektronika kafedrasının elmi potensialından istifadə edərək ozon texnologiyasının Respublikamızda əsaslı surətdə öyrənilməsi yeni, müasir ozonatorların və ozonlaşdırıcı sistemlərin yaradılması, içilən suların zərərsizləşdirilməsi, eləcə də neft sənayesində və xalq təsərrüfatının digər sahələrində çirkab suların və tullantıların müasir ekologiyanın tələblərinə uyğun zərərli komponentlərdən təmizlənməsi istiqamətində fundamental tətbiqi-tədqiqat işlərinin aparılması məqsədilə 1999-cu ilin mart ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 170 №-li əmri ilə yaradılmış və fiziki elektronika kafedrasının dosenti, f.r.e.n.Nemət Əli oğlu Məmmədov ETL-nın rəhbəri təyin edilmişdir.
Müasir səviyyədə ozon texnologiyasının çoxsaylı tələblərinə uyğun işlərin aparılması üçün aşağıdakı istiqamətlər seçilmişdir:
- ozon generatorlarının aktiv hissəsində gedən fiziki-kimyəvi proseslərin nəzəri və praktiki üsullarla kinetikasının tətqiqi və müxtəlif tətbiq sahələri üçün nəzərdə tutulan bir və iki baryerli oksigen, oksigen+hava və hava axınları ilə işləyən ozonatorların və ionizatorların maketlərinin yaradılması.
- ozonun özünəməxsus fiziki-kimyəvi xassələri onun hərtərəfli öyrənilməsini tələb etdiyindən «Kimyəvi fizika» kafedrasının əməkdaşları ilə birlikdə ozon molekulunun kvant mexaniki hesablanması Volsberq-Helmholds metodu ilə aparılmışdır. Ozon molekulunun iki modifikasiyasına: bərabər tərəfli və bərabəryanlı üçbucaq hallarına baxılmışdır.
- nəzəri istiqamətdə aparılan işlərdə baryer boşalması əsasında işləyən ozonatorların elektrik nəzəriyyəsinin və ozonatorun istehsal qabiliyyətinə tezliyin təsiri öyrənilmiş, həmçinin ozonun neft sənayesində tullantı maddələrin parçalanmasında geniş istifadə olunduğunu nəzərə alaraq əsas maddə kimi fenolun parçalanmasında ozondan istifadəni araşdırmaq üçün fenol molekulunun elektron quruluşunun kvant-mexaniki hesablanması aparılmışdır;
- Ozonun konsentrasiyasının bilavasitə ölçməyə, konsentrasiyasının dəyişməsinə və aktiv hissədə gedən proseslərə, o cümlədən elektrod materiallarının eroziyasına və ozonatorun çıxışında başqa qarışıqların olmasına nəzarət etməyə imkan verən optik metod yaradılmışdır;
- impuls rejimində işləyən elektrik boşalmaları aralığından keçən böyük cərəyanların təsiri nəticəsində elektrodlar eroziyaya məruz qalır və müəyyən kütlə buxar halında boşalma aralığına atılır. Tərəfimizdən bu kütlənin miqdarı həm nəzəri, həm də təcrübi olaraq qiymətləndirilmişdir;
- ilk dəfə olaraq su emalı texnologiyasında mövcud olan təmizləyici qurğuların iş prin­siplərindən mahiyyətcə fərqlənən adsorbent və ozonlaşdırma texnologiyalarının sintezindən istifadə edərək yeni təmizləyici kompleks qurğu yaradılmışdır. Qurğuya daxil olan suyun tərkibində olan 1320000 bağırsaq
çöplərinin sayı, adsorbentdən keçəndən sonra 251000, ozonlaşdırıldıqdan sonra isə sıfır olmuşdur.
Kimya fakültəsindəki «Neft kimya»sı ETL ilə birlikdə «Azərineftyağ» Neft Emalı Zavodunda kerosin və dizel yanacaqlarının qələvilərlə təmizlənməsi və həmçinin naften turşularının natrium duzlarının neytrallaşdırılması zamanı alınan istehsalat sularının kimyəvi və ozonla təmizlənməsi üzrə işlər aparılır. Bir neçə təsir müddətlərində müxtəlif konsentrasiyaları ozonla tullantı suların tərkibində olan fenolu birləşmələrin parçalanma müddətləri təyin edilmişdir;
- daxili yanma mühərriklərinin ixrac etdikləri qazların tam və ya qismən zərərləşdirilməsində ozon texnologiyasının tətbiqinin energetik baxımından mümkünlüyü araşdırılmışdır. İşlənmiş qazların toksikliyini məhdudlaşdıran Avropa İttifağının 2008-ci il üçün qəbul etdiyi normativləri nəzərə aldıqda ozon texnologiyasının tətbiqinin mümkünlüyünün ehtimalı artır.
- Genetika kafedrası ilə birlikdə ozonun təsir müddətindən asılı olaraq müxtəlif buğda sortlarının toxumlarının aktivliyi tədqiq edilmişdir. Məlum edilmişdir ki, aşağı ekspozisiyalarda ozon özünü antimutağen, yüksək ekspozisiyalarda isə mutagen kimi aparır. Hidroxinonun 0,01% və 0,1%-li məhlulları ozonun toksiki təsirinin qarşısını alır, mitotik aktivliyi yüksəlir və xromosom dəyişikliklərinin tezliyini azaldır. Hazırda canlı orqanizmlərdə gedən maddələr mübadiləsində aktivləşdirilmiş suyun rolunu aydınlaşdırmaq məqsədilə termik emal, hava və ozonla doydurulmuş, sudan elektrik cərəyanı keçirdikdən sonra onun səthi gərilməsinin dəyişməsi tədqiq edilmişdir.
AMEA NKPİ Təcrübə-Sənaye Zavodu ilə 2004-cü ildən başlayaraq qarşılıqlı – Faydalı Əməkdaşlıq Əsasında Elmi-İstehsalat işlərinin aparılması haqqında üç müqavilə aparılmışdır. Müqavilələrin planlı surətdə yerinə yetirilməsi «Ozon-1» təbii və çirkab suları təmizləyən çoxmodullu qurğunun yaradılması və ixtira ilə nəticələnmişdir.
ETL-da 4 elmlər namizədi və 2 aspirant çalışmışdır.
ETL-ın məşğul olduğu mövzu üzrə iki namizədlik işi yerinə yetirilmişdir. Bu istiqamətdə 5 magistr və çoxlu sayda buraxılış işləri yerinə yetirilmişdir. Fəaliyyət göstərdiyi müddətdə laboratoriyanın əməkdaşları bir çox Beynəlxalq (ABŞ, Çexiya, Rusiya, Türkiyə, İran və s.) və Respublika jurnallarında 90-a yaxın elmi məqalələr çap olunmuş və 4 ixtira alınmışdır.
Şöbədə aparılan elmi-tədqiqat işləri bioloji sistemlərdə qarşılıqlı-təsir və struktur problemlərinə həsr olunmuşdur. Bu məqsədlə müxtəlif xarici amillərin (suda həll olan polimerlər, kiçik molekullu birləşmələr, maye kristallar, temperatur, ozon və müxtəlif xarici sahələr) təsiri ilə bioloji sistemlərdə qarşilıqlı təsir və quruluş dəyişiklikləri tədqiq olunur. Qeyd edək ki, tədqiqat obyektlərindən biri olan polimer-su ikifazalı sistemləri böyük praktiki əhəmiyyətə malik olduğu kimi həm də fundamental əhəmiyyətə malkdirlər. Bu sistemlər bioloji sistemlərdə gedən proseslərin modeli kimi götürülə bilər və həmin sistemlərin hal diaqramlarının termodinamik analizi ilə yüksəkmolekullu birləşmələrin konformasiyasını təyin edən polimer-həlledici qarşılıqlı təsir parametrini hesablamaq olar.
Bütün bioloji sistemlərin əsasını su təşkil etdiyindən və suyun halının (strukturunun) bioloji hissəciklərin bioaktivliyini, funksional fəaliyyətini müəyyən etdiyini nəzərə alaraq, şöbədə suyun strukturuna müxtəlif amillərin təsiri NMR, EPR, İK, dielektrik spektroskopiya, viskozimetrik, elektrik keçiriciliyi, ikifazalı sistemlərdə paylanma metodu, differensial termik analiz və s. metodlarla öyrənilir.
Şöbədə aparılan elmi-tədqiqat işlərinin nəticələri 50-dən artıq məqalə və tezislərdə əks olunmuşdur. 5 monoqrafiya və dərslik çap olunmuş , 3 ixtira patentləşdirilmişdir.
Hesabat dövrü ərzində şöbənin əməkdaşları UETM dəstəyi ilə 1 Beynəlxalq qrant layihəsi yerinə yetirirlər və daha 2 mövzu üzrə qrant layihəsi hazırlayaraq UETM-ə göndərilmiş və CRDF xətti tlə konfransda iştirak üçün səfər qrantı udulmuşdur.
Şöbənin əməkdaşları ABŞ, Rusiya, Çexiya, Macarıstan, Türkiyə və digər ölkələrdə keçirilən Beynəlxalq konfranslarda, həmçinin, bir çox regional konfranslarda iştirak və çıxışlar etmişlər.
«Bioloji sistemlər fizikası» şöbəsi universitetin uyğun kafedraları ilə sıx əməkdaşlıq edir və elmi kadrların hazırlanmasında fəal iştirak edir. 9 magistr, 4 aspirant və dissertant dissertasiya işlərini şöbədə yerinə yetirmişlər.

Bookmark and Share
© Bakı Dövlət Universiteti