FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


NƏZƏRİ FİZİKA

Nəzəri fizika şöbəsi “Molekulyar biofizika" və “Atom və molekulların kvant mexanikası” laboratoriyaları əsasında yaradılmışdır. Elm və Texnika üzrə SSRİ Dövlət Komitəsinin 11 dekabr 1979-cu il 62 saylı kollegiya iclasında Azərbaycan Dövlət Universitetində “Molekulyar biofizika” elmi-tədqiqat problem laboratoriyasının yaradılması üçün sərəncam verilmişdir. Həmin sərəncama əsasən 5 may 1980-cı ildə Azərbaycan Dövlət Universitetində “Molekulyar biofizika” elmi-tədqiqat problem laboratoriyası yaradılmışdır.

“Molekulyar biofizika” elmi-tədqiqat laboratoriyasında zülal və peptid molekullarının, hormonların fəza quruluşları, quruluş-funksiya əlaqələri, ferment-substrat, ferment-ingibitior qarşılıqlı təsirlər tədqiq edilmişdir. Belə ki, dünyada ilk dəfə olaraq 58 aminturşu qalıgından ibarət pankreatik tripsin ingibitoru molekulunun fəza quruluşu nəzəri konformasiya analizi metodu ilə hesablanmışdır. Bu zülal molekulunun fəza quruluşu onu fraqmentlərə ayırmaqla öyrənilmişdir. Hesablamalar nəticəsində pankreatik tripsin ingibitorunun polipeptid zəncirinin spontan, tez, səhvsiz yığılma mexanizmi təklif olunmuşdur, molekulun fəza quruluşu verilmiş, polipeptid zəncirinin və amin turşu qalıqlarının konformasiya mütəhərrikliyi öyrənilmişdir. Pankreatik tripsin ingibitorunun müəyyən edilmiş fəza quruluşu əsasında molekulun aktiv mərkəzinin amin turşu qalıqlarının konformasiya imkanları, tripsinin müxtəlif substrat molekulları ilə qeyri-valent kompleksləri, pankreatik tripsin ingibitorunun tripsinin aktiv mərkəzi ilə qarşılıqlı təsirinin elektron-konformasiya aspektləri öyrənilmişdir. Nəzəri yolla alınmış bütün nəticələr təcrübü faktlarla çox yaxşı uyğun gəlmişdir. Məlum amin turşu ardıcıllığı əsasında oliqopeptidlərin fəza quruluşunu hesablamaq üçün yaxınlaşma təklif olunmuşdur və bunun əsasında müxtəlif bioloji funksiyaları yerinə yetirən peptid hormonların fəza quruluşları öyrənilmişdir. Nəzəri konformasiya analizi metodu ilə metionin- və leysin- enkefalinlərin, α-, β-, γ-, δ-endorfinlərin, α-, β- neoendorfinlərin, ekzorfinlərin, yuxu peptidlərinin, α-, β-, γ- elanotropinlərin, sekretin molekulunun, rimorfin, dermorfin, deltorfin, hemorfin opioid peptidlərinin, QİÇS-ə qarşı təsir göstərən peptid T-nin, qlukaqonun, sekretinin, neurokinin, kardiofəal peptidlərinin, miyelopeptidlərin, qlikopeptid molekullarının fəza quruluşları oyrənilmiş və yerinə yetirdikləri funksiyalarla əlaqələndirilmişdir. Lizosim molekulunun aktiv mərkəzinin katalitik fəal amin turşu qalıqlarının konformasiya mütəhərrikliyi, lizosimin tetraşəkərlərlə ferment-ingibitor kompleksi tədqiq olunmuşdur. İlk dəfə ximotripsin fermenti üçün tetraedik addukt və asil-ferment qeyri-valent komplekslərinin energetik və həndəsi parametrləri kəmiyyətcə təyin edilmişdir.

Laboratoriyada (N.M.Qocayev, İ.S.Maksumov, L.İ.İsmayilova) molekulyar komplekslərin qarşılıqlı təsirlərini, konformasiya imkanlarını tədqiq etmək üçün universal hesablama proqramı hazırlanmışdır. Proqramdan təkcə laboratoriyanın əməkdaşları deyil, keçmiş SSRİ-nin bir çox aparıcı institutlarında istifadə edilmişdir, SSRİ EA-nın “Molekulyar biofizika”,”Bioüzvü kimya”, “Leninqrad Mexanika İnstitutunda” tədbiq olunmuş və onlar tədbiq olunma aktları vermişlər. Bundan başqa laboratoriyada Ukrayna EA-nın Üzvü Kimya, Özbəkstan EA-nın Bioüzvü Kimya İnstititunun əməkdaşları proqramla tanış olmaq üçün laboratoriyaya ezamiyyət olunmuşlar.

Bundan başqa laboratoriya müxtəlif illərdə SSRİ EA-nın Kimyəvi Fizika İnstitutu ilə, İstanbul Universiteti ilə, Azərbaycan Neyrocərrahiyyə Mərkəzi ilə, AMEA-nın Radiasiya Problemləri və Neft-Kimya Prosesləri İnstitutları ilə elmi əməkdaşlıq etmiş və müqavilələr imzalamışdır.

Bu illər ərzində laboratoriyanın əməkdaşlarından 5 nəfəri doktorluq dissertasiyası, 20-dən çoxu namizədlik dissertasiyaları müdafiə etnişdir. Bir neçə xarici ölkənin vətəndaşları laboratoriyada elmi-tədqiqat işləri aparmış və dissertasiya müdafiə etmişlər. Laboratoriya əməkdaşlarının elmi işlərinin nəticələri bir çox Beynəlxalq Simpozium və Konfranslarda məruzə edilmiş və dünyanın bir çox nüfuzlu jurnallarında çap olunmuşdur.

Laboratoriyanın əməkdaşları tədris işlərində iştirak etmiş, ixtisas kurslarından mühazirələr oxumuş, dissertasiya, buraxılış və kurs işlərinə rəhbərlik etmiş, dərslik və dərs vəsaitləri yazmış, Elmi Şuraların üzvləri olmuş və dissertasiya işlərinə opponentlik etmişlər.

Bookmark and Share
© Bakı Dövlət Universiteti