“NƏZƏRİ FİZİKA” ŞÖBƏSİ
Tədqiqatlar, əsasən, Kvant xromodinamikası çərçivəsində adron proseslərinin nəzəri və fenomenoloji problemlərini əhatə edir. Adronların öyrənilməsində KXD-nin həm perturbativ, həm də qeyri-perturbativ metodlarından istifadə edilir. Yanq-Millz nəzəriyyəsində müxtəlif xarici sahələrdə zərrəciklərin hərəkəti öyrənilir. Adronların holoqrafik KXD yaxınlaşmasında araşdırılmasına başlanılmışdır.
TƏDQİQAT SAHƏLƏRİ
- Perturbativ və qeyri-perturbativ KXD: eksklüziv və inklüziv adron prosesləri
- Çoxkvarklı adronların spektroskopiyası və parçalanma kanalları
- Holoqrafik KXD
- Yanq-Millz nəzəriyyəsi
- Kiral modellər
- Elementar hissəciklər fizikasının riyazi metodları
ƏSAS NƏTİCƏLƏR
- Drell-Yan prosesinə yüksək tvist altproseslərin verdiyi düzəlişlişlər Brodski-Lepaj metodu ilə hesablanmışdır
- Eksklüziv adron proseslərində ötürülən Q2 impulsunun qiymətinə görə üstlü (Λ2/Q2)n düzəlişlərin hesablanması üçün dəyişən qarşılıqlı təsir sabiti (DQTS) üsulu təklif edilmiş və bu metod vasitəsilə psevdoskalyar, vektor mezonların elektromaqnit form-faktorları hesablanmışdır
- DQTS metodu və infraqırmızı renormalon texnikası çərçivəsində tək mezonun fotoyaranması, qlüon-qlüon-η’təpə funksiyası, iki pionun foton-foton prosesində yaranması öyrənilmişdir
- Psevdoskalyar η və η’ mezonların elektromaqnit keçid form-faktorları DQTS metodu ilə hesablanmış, bu mezonların paylanma funksiyalarında qlüon komponentinin payı tapılmışdır
- Pion-foton keçid form-faktorları DQTS üsulu ilə hesablanmış və pionun paylanma funksiyasının parametrləri təyin edilmişdir
- Renormalon metodundan istifadə etməklə pionun yüksək tvist paylanma funksiyaları tapılmış və onlardan istifadə etməklə kvant xromodinamikasınin işıq konusunda cəmləmə qaydaları (LCSR) vasitəsilə pionun elektromaqnit və keçid form-faktorları hesablanmışdır
- Pionun holoqrafik KXD-da alınmış əsas paylanma funksiyasından və renormalon metodundan istifadə etməklə pionun yüksək tvist paylanma funksiyalarının alternativ ifadələri hesablanmış və onlar LCSR metodunda pionun elektromaqnit form-faktorunun analizi məqsədilə tətbiq edilmişdir
- Müxtəlif dördkvarklı mezonların spectroskopik parametrləri və müxtəlif parçalanma kanalları tədqiq edilmişdir
- Səpilmə amplitudu üçün Bete-Solpiter tənliyinin yüksək enerjilərdə Recce asimptotikası şəklində həll metodu hazırlanmış və müxtəlif nəzəriyyələrdə tətbiq olunmuşdur.
- Zamandan aşkar şəkildə asılı olan sistemlər üçün Qitman-Tyutin kvantlanmasına alternativ yaxınlaşma hazırlanmışdır.
- Kvant elektrodinamikasında çockvarklı Qrin funksiyaları üçün tənliklər alınmış və həll edilmişdir
- Bilokal sahə formalizmində Nambu - İona-Lasinio modeli üçün orta sahə paylanması metodu təkmilləşdirilmişdir. Orta sahə paylanmasının baş həddindən sonrakı həddə ölçülü-analitik requlyarlaşmalı Nambu - İona-Lasinio modeli geniş tədqiq olunmuşdur
- Dörd-ölçülü kəsmə requlyarlaşmalı Nambu - İona-Lasinio modeli tədqiq olunaraq, kiral kondensata düzəlişlər hesabına modelin yaxşılaşdırılmış parametrləri müəyyanləşdirilmişdir.
- Dörd-ölçülü kəsmə requlyarlaşmalı və ölçülü-analitik requlyarlaşmalı Nambu - İona-Lasinio modeli sistemli şəkildə tədqiq olunaraq göstərilmişdir ki, hər iki requlyarlaşmada pionun kvarkın kütləsinə payı sıfıra bərabərdir. Bu fakt Nambu - İona-Lasinio modelinin requlyarlaşmadan asılı olmayan məxsusiyyətini müəyyən edir.
- Nambu - İona-Lasinio modelində orta sahə paylanmasının yürsək tərtib çoxkvarklı: altı-,beş-dörd-,üç-kvarklı Qrin funksiyaları üçün tənliklər alınmış və həll olunmuşdur.
A.İ. Əhmədov
- Proton-proton toqquşmasında tək mezonun inklüziv yaranmasının effektiv en kəsiyinə yüksək tvistin verdiyi əlavələr, həmin əlavələrin mezonun dalğa funksiyalarından asılılığı dəyişən qarşılıqlı təsir sabiti üsulu ilə hesablanmışdır
- Proton-proton toqquşmasında tək mezonun inklüziv yaranmasının effektiv en kəsiyinə yüksək tvistin verdiyi əlavələr, həmin əlavələrin mezonun dalğa funksiyalarından asılılıqları dondurulmuş qarşılıqlı təsir sabiti üsulu ilə hesablanmışdır
- Foton-foton toqquşmasında tək mezonun inklüziv yaranmasının effektiv en kəsiyinə yüksək tvistin verdiyi əlavələr hesablanmışdır
- Böyük Adron Kollayderində planlaşdırılan eksperiment üçün önəmli olan proton-proton toqquşmasında neytralino cütünün yaranması prosesinin diferensial və tam effektiv en kəsiyi hesablanmışdır
- Rəng yüklü skalyar və spinor hissəciklərin sabit xromomaqnit sahədəki hərəkətinə baxılmışdır. Belə hissəciklər üçün Kleyn-Qordon və Dirak tənlikləri həll edilmişdir. Unitar çevirmə ilə Dirak tənliyinin kvadratı diaqonallaşdırılmış və müəyyən enerjili halların dalğa funksiyası tapılmışdır
- Diaqonal Hamiltonian halı üçün Dirak tənliyinin supersimmetriyası və enerji hallarının superpartnyorluğu müəyyən edilmişdir. Xarici xromomaqnit və xromoelektrik sahələri konfiqurasiyası adronların oyuncaq kisə modeli qurmaq üçün istifadə edilmişdir.
- R-cərəyanları korrelyatorlarının AdS/CFT uyğunluğu dünya xətləri formalizmini istifadə etməklə öyrənilmişdir.
- Vektor sahənin iki və üç nöqtəli korrelyatorları AdS superqravitasiyasının uygun korrelyatorları ilə əlaqədirilmişdir. Skalyar və spinor həlqələrin əlavələri nəzərə alınmışdır və daxil-sərhəd propaqatorları ilə ifadə olunmuşdur.
- A1 aksial-vektor mezon- nuklon və A1 aksial-vektor mezon- 3/2 spinli delta barion qarşılıqlı təsir sabitləri AdS/KXD-nin müxtəlif modellərində hesablanmışdır
V.H. Bədələv
- Harmonik ossilyator yaxınlaşmasında Şrödinger tənliyinin Li simmetriyası vasitəsilə kvant həllərindən kəsilməz həlləri alınmışdır
- Born-İnfeld tənliyinin genişlənmış simmetriya qrupu müəyyən edilmişdir
- Maqnit-hidrodinamik-qravitasiya dalğalarının modeli qurulmuş və onun simmetriya qrupu müəyyən edilmişdir
- Qrup nəzəriyyəsi vasitəsilə saxlanma qanunlarının bazisi müəyyən edilmiş və simmetriya qrupunun bu bazisə təsiri öyrənilmişdir
- Dirak tənliyinin Li metodunun köməyilə simmetriya qrupu müəyyən edilmişdir
- Orbital kvant ədədinin ixtiyari qiymətində Vuds-Sakson potensialı üçün Şrödinger, Kleyn-Qordon və Dirak tənliklərinin kvazi-həlləri və enerji spektrləri hesablanmışdır
- Orbital kvant ədədinin ixtiyari qiymətində ümumiləşmiş Vuds-Sakson potensialı üçün Şrödinger tənliyinin kvazi-həlləri və enerji spektrləri hesablanmışdır
N.C. Hüseynova
- Vektor mezon- nuklon qarşılıqlı təsir sabitinin ədədi qiyməti AdS/KXD-nin yumşaq divar modelində hesablanmışdır
- Vektor mezon- 3/2 spinli delta barion qarşılıqlı təsir sabiti AdS/KXD-nin yumşaq divar modelində müəyyən edilmişdir
- Nuklonların aksial-vektor form faktoru AdS/KXD-nin sərt divar modelində müəyyən edilmişdir
- A1 aksial-vektor mezon- nuklon qarşılıqlı təsir sabitinin ədədi qiyməti AdS/KXD-nin yumşaq və sərt divar modellərində hesablanmışdır
- A1 aksial-vektor mezon- 3/2 spinli delta barion qarşılıqlı təsir sabiti AdS/KXD-nin sərt divar modelində müəyyən edilmişdir
