FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


31/05/2022

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun əməkdaşı "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında iştirak edib.

 

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun əməkdaşı Rəhimzadə Sara və komandanın digər üzvləri Güləhmədov Orxan və Mirsultanova Reyhan (Komanda adı: NANO) öz layihələrini təqdim ediblər.

NANO komandasının "Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması" layihəsi C kateqoriyası üzrə Sosial Yönümlü Texnologiyalar müsabiqəsində ÜÇÜNCÜ YERƏ layiq görülüb.

Gənclərimizi bu münasibətlə təbrik edir, gələcək işlərində uğurlar arzu edirik!

Yarışlar üzrə II və III yerlərin qalibləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "TEKNOFEST" İdarə Heyətinin sədri və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyə Respublikasının sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır tərəfindən təltif olunublar!






Məlum olduğu kimi, Azərbaycan ilk dəfə 2021-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festivalda iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Bu il isə, artıq “Teknofest”-2022 festivalına Azərbaycan özü ev sahibliyi etdi. Əlbəttə ki, bu möhtəşəm layihənin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın növbəti böyük uğurudur. 26–29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilmiş “Teknofest Azərbaycan” Aerokosmik və texnologiya festivalı ölkəmizin, o cümlədən Azərbaycan gəncliyinin çox böyük potensiala sahib olduğunu bir daha nümayiş etdirmiş oldu.

Bununla belə “Teknofest Azərbaycan” festivalının daha önəmli bir cəhəti də Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunun və getdikcə daha da şaxələndiyinin və möhkəmləndiyinin bütün dünyaya nümayişi oldu. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev festivalda etdiyi çıxışında məhz bu məqamı xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən 30 il ərzində qardaş Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün inkişaf yolunun əsas istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında yer alırlar. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da möhkəm və sarsılmaz olacaq.
Həqiqətən də 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında bütün dünyaya “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” mesajını verməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Lakin Azərbaycan-Türkiyə birliyinin kökləri daha qədimdir. Tariximizin ən önəmli anlarında ölkələrimiz, xalqlarımız bir yerdə olublar. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını bütün dünya 2021-ci ildə Zəfər paradında gördü. Bu, bizim birliyimizin əsl təntənəsi idi.

Həmçinin qeyd olunmalıdır ki, tarixi Şuşa Bəyannaməsini imzalanmasından sonra Türkiyə və Azərbaycan münasibətləri artıq rəsmi olaraq müttəfiqlik zirvəsinə ucaldı. Hazırda bu müttəfiqlik özünü bütün sahələrdə, o cümlədən siyasətdə, iqtisadi əlaqələrdə, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyət, təhsil, ordu quruculuğu kimi strateji sahələrdə ən bariz şəkildə göstərməkdədir. Dövlət başçımızın dediyi kimi, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Ölkələrimiz arasında mövcud olan birlik həm Azərbaycanın, həm də Türkiyənin artıq beynəlxalq güc mərkəzlərinə çevrilmələrində də önəmli rol oynamışdır. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinin gücünə güc qatır.

Sonda əlbəttə ki, belə bir məqamı da xüsusi olaraq qeyd etməliyəm ki, biz gənclərin çalışmalarının dövlətimiz və Prezidentimiz tərəfindən yüksək qiymətləndirilməsi əlbəttə ki, bizi daha da ruhlandırır və yeni, daha yüksək nailiyyətlərin əldə olunmasında ən güclü stimul rolunu oynayır. Sonsuz fərəh və qürur hissi ilə deyə bilərəm ki, “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında tələbə dostlarım Orxan Güləhmədov və Reyhan Nursultanova ilə birlikdə mən də NANO komandası olaraq öz layihəmizlə iştirak etmişik. Komandamız festivalda Bakı Dövlət Universitetini təmsil etmişdir. Təqdim etdiyimiz “Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması” layihəsi C kateqoriyası üzrə Sosial Yönümlü Texnologiyalar müsabiqəsində üçüncü yerə layiq görülüb. Deməliyəm ki, “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında belə bir nəticə əldə etmək həqiqətən də böyük uğurdur. Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlbəttə ki, biz gənclər üçün xüsusilə əlamətdar hadisədir. Bu insanlar biz gənclər həm alim, həm vətəndaş, həm də vətənpərvər insan kimi əsl örnəkdir, nümunədir.

Sara Rəhimzadə,
Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun
əməkdaşı

Bookmark and Share
© Bakı Dövlət Universiteti