FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


12/11/2021

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və noyabrın 27-də qüvvəyə minib. Dövlətin bu Əsas Qanununun yaradılmasında Bakı Dövlət Universitetinin elm xadimlərinin də müstəsna xidmətləri olubdur.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyalarda isə 1925-ci il martın 14-də və 1978-ci ilin aprelin 21-də qəbul edilmişdir.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir. Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirir. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyur. Təsadüfi deyildir ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 25-ci ildönümü ötən il əlamətdar günlərə, Azərbaycan Respublikasının 30 ilə yaxın müddətdə işğalçı Ermənistan dövləti tərəfindən pozulmuş ərazi bütövlüyünün, tarixi ədalətin bərpası günlərinə - Böyük Qələbənin sevincini yaşadığımız günlərə təsadüf etmişdir. Azərbaycan dövləti 44 günlük müharibə nəticəsində uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən aparılan mənasız sülh danışıqları prosesinə son qoymuş, tarixi ədaləti özü bərpa etmiş, BMT qətnamələrini döyüş meydanında reallaşdırmışdır. Əzəli Azərbaycan torpaqlarında, qədim Şuşa şəhərinə müqəddəs bayrağımız ucaldılmışdır.



Bookmark and Share
© Bakı Dövlət Universiteti