FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


16/10/2021

BDU-nun Fizika Problemləri İnstitutunun kollektivi Niftalı Mehrəli oğlu Qocayevi 85 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxt ömür, elmi və pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırlar.

Niftalı Mehrəli oğlu Qocayev – böyük alim, mahir pedaqoq, gözəl insan

Niftalı Mehrəli oğlu Qocayev 1936-cı il oktyabrın 18-də anadan olmuş, 1953-cü ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və Molekulyar fizika kafedrasında saxlanılmışdır. Bir il işlədikdən sonra keçmiş Sovetlər İttifaqı Elmlər Akademiyasının Sankt-Peterburqda yerləşən “Yüksək Molekullu Birləşmələr İnstitutunun” aspiranturasına daxil olmuş, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar biofizikanın mühüm problemlərindən olan nuklein turşularının quruluş-funksiya əlaqələri üzrə tədqiqat işləri apararaq dezoksiribonuklein turşusu molekulunun reduplikasiyasının termodinamik və kinetik məsələlərinin həllinə dair mühüm elmi nəticələr almışdır.

Aspiranturanı müvəffəqiyyətlə qurtardıqdan sonra Azərbaycan Dövlət (indiki Bakı Dövlət) Universitetinin molekulyar fizika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamışdır. “Optika və molekulyar Fizika” kafedrasında baş laborant vəzifəsindən professor (1979 –cu il) rütbəsinədək yüksələn N.M.Qocayev həmin kafedraya 16 il rəhbərlik etməklə tədrisin təşkili, dərs və dərs vəsaitlərinin yazılması və kadr hazırlığı sahələrində səmərəli fəaliyyət göstərmişdir.

N.M.Qocayevin elmi-pedaqoji fəaliyyətinin bariz nümunəsi kimi fizika fakültəsi tələbələri üçün “Ümumi fizika kursu”nun mexanika, molekulyar fizika və optika bölmələri üzrə yazdığı dərslikləri göstərmək olar. Onun 1977-ci ildə rus dilində yazdığı böyük həcmli (432 səhifəlik) “Optika” kitabı keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən universitetlərin fizika ixtisası üzrə dərs vəsaiti olaraq tövsiyyə olunmaqla Moskvada “Vısşaya şkola” nəşriyyatı tərəfindən nəşr edilmişdir. N.M.Qocayev həmçinin bir çox monoqrafiya və dərs vəsaitlərinin müəllifidir, bir neçə dərslikləri və elmi-populyar kitabları ruscadan azərbaycan və türk dillərinə çevirmişdir. Prof.N.M.Qocayev 63 illik elmi-pedaqoji fəaliyyəti müddətində Bakı Dövlət Universitetində, Qafqaz Universitetində, Türkiyənin Atatürk (Ərzurum şəhəri) və İstanbul Universitetlərində ümumi fizika kursunun müxtəlif  bölmələri və müxtəlif ixtisas kursları üzrə yüksək səviyyəli mühazirələr oxuyaraq tələbələrin böyük rəğbətini qazanmışdır.

Prof.N.M.Qocayev elmi fəaliyyətini genişləndirərək molekulyar biofizikanın aktual problemlərindən biri olan peptid və zülal təbiətli birləşmələrin-oliqopeptidlərin, hormonların, zülalların, fermentlərin quruluş-funksiya əlaqələrinin tədqiqi ilə məşğul olmuşdur. O, məhz bu dövrdə öz tədqiqat işlərinə rəhbərlik etdiyi optika və molekulyar fizika kafedrasının tələbələrini, aspirant və dissertantlarını, əməkdaşlarını cəlb etmişdir. Prof. N.M.Qocayevin təşkilatçılıq və elmi üğurları sayəsində “SSRİ Nazirlər Soveti yanında Elm və Təhsil komitəsi” tərəfindən 1980-ci ildə birbaşa onun elmi rəhbərliyi ilə “Molekulyar Biofizika Elmi-tədqiqat Problem Laboratoriyası” yaradılmışdır. Onun rəhbərliyi ilə bu laboratoriyada 27 namizədlik və 7 doktorluq dissertasiya işləri yerinə yetirilərək müvəffəqiyyətlə müdafiə olunmuşdur. Bu işlərdə müxtəlif peptidlər sinfinə daxil olan peptid hormonlarının – melanotropinlərin, enkefalinlərinin, endorfinlərin, ekzorfinlərin, yuxu peptidlərinin, antibiotiklərin, sekretin, qlukaqon molekulunun, kardiofəal peptidlərin, qallatostatin molekulunun, neyrokinin və demorfin molekullarının, müxtəlif qlikopeptidlərin, oliqo-şəkərlərin, antihipotenzif tripeptid molekullarının, antikonser pentapeptid molekullarının, homokinin, karnozin, kazomorfin, soymorfin və digər molekulların quruluş-funksiya əlaqələri tədqiq olunmuşdur.

Prof.N.M.Qocayev ilk dəfə olaraq zülal molekullarının fəza quruluşlarının nəzəri konformasiya analizi üsulu ilə hesablanmasının mümkünlüyü ideyasını irəli sürmüş və əyani tətbiq olaraq 58 aminturşu qalığından ibarət pankreatik tripsin ingibitoru zülal molekulunun fəza quruluşunu hesablamış və onun, ximotripsin və lizosim fermentlərinin ferment-ingibitor, ferment-substrat qarşılıqlı təsirləri öyrənilmiş, fermentli kataliz reaksiyalarının müxtəlif mərhələləri nəzəri olaraq təhlil edilmişdir. Prof. N.M.Qocayevin apardığı elmi-tədqiqat işləri Respublikamızın mötəbər elmi nəşrləri ilə yanaşı “Биоорганическая химия”, «Биофизика», «Журнал структурной химии», «Молекулярная биология», “Studia Biophysica”, “Jurnal of Spectroscopy Letters”, “Turkish Journal of Chemistry”, “Journal of Molecular Structure”, “Journal of Protein and Peptide Research”, “Journal Peptide Sciences”, “Journal of Protein and Peptide Letters”, “Cryst.Eng.Comm.” və digər mötəbər jurnallarda dərc olunmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda məruzə edilmişdir.

Məharətli pedaqoji fəaliyyəti və yüksək tədqiqatçılıq qabiliyəti ilə fərqlənən prof. N.M.Qocayevin Azərbaycanda molekulyar biofizika elminin inkişafındakı xüsusi rolu danılmazdır. Onun çoxsaylı yetişdirmələri Azərbaycanın və dünyanın müxtəlif təhsil və elm ocaqlarında çalışırlar.

Prof.N.M.Qocayevin yüksək təşkilatçılıq qabilliyətinin ən gözəl nümunələrindən biri də onun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Azərbaycan Biofizika Cəmiyyətidir. Prof. N.M.Qocayev bu gün də Azərbaycan Biofizika Cəmiyyətinin Prezidenti olaraq elmə, onun inkişafına və Azərbaycan elminin dünya elminə inteqrasiyası işinə fədakarlıqla xidmət etməkdədir.

Prof. N.M.Qocayev pedaqoji fəaliyyətini Optika və molekulyar fizika kafedrasında davam etdirir,  Bakı Dövlət Universitetinin Fizika Problemləri elmi-tədqiqat institutunun “Biofizika” şöbəsində isə onun rəhbərliyi altında boifizikanın müxtəlif sahələri üzrə yüksək səviyyəli elmi-tədqiqat işləri aparılır.

Bu sətirlərin müəllifi də daxil olmaqla hazirda Niftalı müəllimlə birlikdə böyük həvəslə elmi-tədqiqat işləri aparan və pedaqoji fəaliyyət göstərən bütün tələbələri əziz müəllimizə möhkəm can sağlığı, xoşbəxt ömür, gələcək elmi və pedaqoji fəaliyyətlərində böyük uğurlar və yeni-yeni nailliyətlər arzulayırlar.

 

 

 

  1. Namiq Əhmədov, fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitunun Biofizika şöbəsinin müdiri.

 

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti