FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


20/05/2021

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda aparılan elmi-tədqiqat işləri haqqında məlumat

BİOFİZİKA ŞÖBƏSİ

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsində bioloji fəal molekulların quruluş-funksiya əlaqələrinin tədqiqi və maye kristallara nanozərrəciklərin təsirinin fiziki-kimyəvi xüsusiyyətlərinin araşdırılması istiqamətində aparılan elmi-tədqiqat işləri davam edir.

İnstitutun əməkdaşları tərəfindən DMZ- yarımempirik kvant kimyası, MM - molekulyar mexanika və PM3 - kvant kimyasının yarım-empirik nəzəri metodlarından istifadə etməklə bioloji fəal molekulların quruluş-funksiya əlaqələri öyrənilmiş, molekulların fəza quruluşları əsasında onların müəyyən funksiyalarını yerinə yetirə bilən süni analoqlarının sintezi üçün metod təklif edilmişdir.

Nəzəri konformasiya analizi üsulu ilə opioid peptidləri sinfinə aid olan β-kazomorfin–4, β-kazomorfin–5, β-kazomorfin –6, β-kazomorfin-7, β-kazomorfin -8 molekullarının, gliprolin peptidləri sinfinə daxil olan nonapeptid Leu-Pro-Pro-Gly-Po-Leu-Pro-Arg-Pro-NH2 molekulun fəza quruluşu tədqiq olunmuş, molekulların aşağı enerjili konformasiyaları yığımı, onların həndəsi parametrləri və onları stabilləşdirən qarşılıqlı təsir qüvvələri müəyyən edilmişdir. Taxikinin sinfinə mənsub olan sialokinin I və skiliorhitin I neyropeptid molekullarının  fəza quruluşunun və konformasiya imkanlarının  nəzəri modelləşdirmə üsulları ilə tədqiqi əsasında alınmış nəticələr sinir, immun, güclü vasodilatasiya,  tənəffüs iltihabı, əzələ kontraktiliyası, hypertensive action, xroniki ağrı, Parkinson, Alzheimer və s. kimi xəstəliklərin müalicəsində tətbiq oluna bilər.

İnstitutun əməkdaşları tərəfindən müxtəlif indikator və displeylərdə tətbiq edilə bilən maye kristal və polimer nanozərrəcikləri əsasında müxtəlif kompozitlər hazırlanmışdır. Müəyyən edilmişdir ki, maye kristala Al2O3 və ya digər əlavələr etdikdə tvist özəklər yaranır və sistem infraqırmızı şüalanmanın selektiv modulyasiyasında istifadə edilə bilər.

Müəyyənləşdirilmişdir ki, məsamələrinə nematik maye kristalın yeridilməsi ilə hazırlanmış məsaməli-Si+maye kristal sistemində lüminessensiyanın intensivliyini və spektrini idarə etmək mümkündür.

NƏZƏRİ FİZİKA ŞÖBƏSİ

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsində fizika və riyazi fizikanın müxtəlif istiqamətləri üzrə fundamental elmi tədqiqatlar aparılır.

Mezon və barionların daxili strukturu, onların kütlə, təsir sabitləri və müxtəlif parçalanma kanalları, çoxkvarklı sistemlərin tetrakvark, pentakvark və heksakvarklarında daxili quruluşunun tədqiqi üzrə araşdırmalar davam edir. Müxtəlif tip yaxına təsir potensiallarında kvant mexaniki, nüvə və elementar hissəciklərin səpilməsi problemlərinin adron fizikasına tətbiqi istiqamətində nəzəri tədqiqatlar aparılır.

Bir sıra çoxkvarklı mezonların o cümlədən, X1(2900) rezonansın əsas parametrləri hesablanmış və təcrübi nəticələrlə müqayisə edilmişdir.  İki ağır bb kvarklardan əmələ gələn tetrakvarkların leptonik və qeyri-leptonik parçalanma kanalları tədqiq edilmiş və onların güclü parçalanmalara qarşı dayanıqlığı araşdırılmışdır.

Altı kvarkdan ibarət uuddss tərkibli skalyar hissəciyin bəzi xassələri öyrənilmiş, dördkvarklı mezonların - tetrakvarkların güclü və elektromaqnit təsirlərə qarşı dayanıqlı olduqları göstərilmişdir.

AdS/KXD modellərində deytronun form faktorları hesablanmışdır. Böyük Adron Kollayderində  prosesi kollayderdə əmələ gələn hissəciklərin eninə impulsa görə paylanması öyrənilmişdir.


KONDENSƏ OLUNMUŞ HAL FİZİKASI ŞÖBƏSİ

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Kondensə olunmuş hal fizikası şöbəsində mikro və nanoelektronika üçün optimal parametrli material və cihazlar hazırlanır.

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Kondensə olunmuş hal fizikası şöbəsinin əməkdaşları tərəfindən nanoməsaməli silisiumun kimyəvi aşılama metodu ilə alınması texnologiyası təkmilləşdirilmiş, məsaməli şüşə və silisium altlıqlar üzərində müxtəlif ionlarla aşqarlanmış nanoquruluşlu ZnS nazik təbəqələrin və sillenit tipli (Bi12XO20, X=Ge,Si,Ti ) birləşmələrin alınma texnologiyası işlənib hazırlanmışdır. Müəyyən olunmuşdur ki, sillenit tipli (Bi12XO20, X=Ge,Si,Ti ) birləşmələri optik-elektronika sistemlərində işığın idarə olunmasında, elektrooptik çeviricilərdə, informasiyanın optik üsulla yazılması, oxunması və silinməsində istifadə oluna bilər. Sillenit tipli birləşmələrin sadalanan xüsusiyyətlərinin və onları şərtləndirən fiziki proseslərin stasionar və dinamik rejimlərdə tədqiqi üzrə araşdırmalar davam edir.

Termoelektrik çeviricilər üçün perspektiv materiallardan hesab olunan AgSbSe2 və (AgSbSe2)0.9(PbTe)0.1 birləşmələrində ilk dəfə olaraq elektrik yüklərinin daşınmasının mexanizmi müəyyən edilmişdir.


Bookmark and Share
© Bakı Dövlət Universiteti