FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


22/05/2020

2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatını almış bütün fizik alimlərimizi təbrik edirik!

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2020-ci il tarixli sərəncamına əsasən 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatı “Materiyanın yeni kvant halı-antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə akademik Nazim Timur oğlu Məmmədov, f.e.d., professor İmaməddin Rəcəbəli oğlu Əmiraslanov, f.e.d. Nadir Allahverdi oğlu Abdullayev, k.f.d. Ziya Saxavəddin oğlu Əliyevə verilmişdir.

Müəlliflər tərəfindən son onillikdə materiyanın yeni topoloji halı-antiferromaqnit topolojı izolyatorun kəşfinə gətirib çıxaran, müxtəlif aşağıölçülü funksional materialların yaradılmasının fiziki əsaslarının işlənməsi, onların sintezi, elektron spektri və transport xassələri üzrə silsilə elmi-tədqiqat işləri aparılmışdır.

XXI əsr fizikasının ən mühüm kəşflərindən biri olan Topoloji İzolyator (Tİ) enerjinin/informasiyanın itkisiz ötürülməsinə və kvant kompüterlərinin yaradılmasına birbaşa yol açır. Тİ materiyanın xüsusi kvant halı olub, özünü həcmdə izolyator və ya klassik yarımkeçirici kimi aparır, səthdə isə əks zaman simmetriyası ilə qorunan yüksək spin polyarlaşmış elektrik keçiriciliyinə malikdir.

Tədqiqat işləri yarımkeçiricilərin keçiricilik elektronlarının geriyə səpilmədən mühafizə olunmaqla kiral (girotrop) spin polyarizasiyalı Dirak (xətti) dispersiyaya malik olduğu halların axtarışı və tədqiqinə yönəlmişdir. Bu, keçiricilik elektronlarının qeyri-dissipativ daşınmasına (enerji/informasiyanın itkisiz ötürülməsinə) və kvant hesablamalarının reallaşdırılmasına gətirir.

İşin müəllifləri dünyada tanınmış tədqiqatçiladırlar, onların təqdim olunan iş üzrə çox yüksək İmpact faktorlu Beynəlxalq jurnallarda 40-a qədər məqaləsi (o cümlədən 4 icmal məqaləsi) dərc olunmuşdur. Müəlliflər işin yekun nəticəsini Azərbaycan elmində ilk dəfə olaraq məşhur "Nature" jurnalında dərc etdirmiş (https://doi.org/10.1038/s41586-019-1840-9), bir neçə Beynəlxalq konfransda dəvətli məruzə etmişlər.

Fərəhləndirici haldır ki, f.e.d. Nadir Allahverdi oğlu Abdullayev həm də Bakı Dövlət Universitetinin Fizika Problemləri ETİ-nin əməkdaşıdır. O, İnstitutumuzun “Kondensə olunmuş hal fizikası” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatını almış bütün fizik alimlərimizi səmimi qəlbdən təbrik edirik.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti